Zilhiccə ayının ilk ongünlük əyyamı və əməlləri
Zilhiccə ayının ilk ongünlük əyyamı və əməlləri
Zilhiccə ayının ilk ongünlüyü fəzilət və bərəkətliliyin zirvəsi olan günlərdəndir. Əziz Allah Elçisindən (s) nəql edilir:«Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir».
Bu ayın müxtəlif tövsiyə olunmuş əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlarına diqqət yetirilsə, öz vəzifəmizi daha yaxşı yerinə yetirmiş olarıq. Ən əsası isə - əməllərimizin qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyətilə) yerinə yetirilməsinə diqqət verməyimizdir. Bu əyyamda tövsiyə edilən əməllər:
1. Bu ayın ilk 9 gününü oruc tutmaq. Bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.
2. Bu 10 günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə "Həmd"dən sonra 1 dəfə “İxlas” surəsini və “Əraf” surəsinin 142-ci ayəsini (Və və 'ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi'əşrin fətəmmə miqatu Rabbihi ərbə'inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufnifi qavmi və əslih və lə təttəbi' /axırı sakin 'ayn/ səbiləl-mufsidin) oxuyursan. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.
وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
Tərcüməsi: Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».
3. İmam Cəfər Sadiqdən (ə) nəql edilən duanı «Allahummə həzihil əyyəmul-ləti fəzzaltəhə ələl-əyyəmi və şərraftəhə…» zilhiccə ayının əvvəlindən Ərəfə gününün əsr namazı vaxtına qədər, sübh namazından sonra və şam namazından qabaq oxumaq.