Yan 08, 2023 17:03 Asia/Baku
  • AXCP sədri xalqı Tofiq Yaqubluya azadlıq tələb etməyə çağırıb

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun yanvarın 5-də başladığı aclıq aksiyasına onun həyat yoldaşından əlavə 2 AXCP üzvü də qatlılıb.

Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclığa başladığını bildirib.Tofiq Yaqubluya dəstək məqsədi ilə dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin əməkdaşı Seymur Əhmədsoy və AXCP fəalı Elnur Quliyev də Tofiq Yaqublunun ailəsinin yaşadığı evə gələrək aclıq aksiyasına qoşulub.

“Aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı insanlar müraciət edib. Onlar Müsavat Partiyasının qərargahında aclığa başlayacaqlarını bildirib. Həmçinin ölkənin regionlarından da fəallar aclıq aksiyasına qoşulacağını bildirib”, Maya Yaqublu Turana  deyib.

AXCP sədri Əli Kərimli isə bildirib ki, ölkənin mübariz insanları Tofiq Yaqublunun məhv edilməsinə seyrçi qalmayacaq.

“Etiraz hərəkatı genişlənəcək və bütün ölkə Tofiq bəyə azadlıq tələb edəcək. İlham Əliyev də bilməlidir ki, Tofiq Yaqublunun həyatına görə şəxsən məsuliyyət daşıyır. Tofiq Yaqubludan əl çəkin!” o facebook səhifəsində qeyd edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu yanvarın 5-dən aclıq etdiyni bildirib.

Tofiq Yaqublu bilidrib ki, onun haqq sözü eşidilməyincə aclığı davam etdirəcək.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.Həmin gün Tofiq Yaqublu Səbail Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbsə məhkum edilib.

Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.

Yaqublu Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Teqlər