Dek 12, 2015 03:28 Asia/Baku
  • İmam Rzanın həyatına  baxış
    İmam Rzanın həyatına baxış

İmam Rza müsəlmanların 8-ci İmamıdır. O Həzrətin əsl adı Əlidir. Atası 7-ci İmamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!).

İmam Əli ibn Musanın kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə Rzadır. Artıq dediyimiz kimi, Həzrət İmam hicrətin 148- ci ilində mübarək Zilqədə ayının 11-də dünyaya gəlmişdir. Həzrətin anasının adı Tukəm olmuş və O, fəzilətli xanımlardan olmuşdur. Çünki O, 7-ci İmamın zövcəsi və 8-ci İmamın isə anasıdır. İmam Rza (Ona salam olsun) dünyaya gəldikdən sonra İmam Museyi-Kazim (Ona salam olsun) O Xanıma “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman İlahi hüccətsiz qalmadığı kimi, İmam Rza da, Öz zəmanəsinin İmamı və Allah-Təalanın insanlar üzərindəki hüccətidir. O Həzrətin həyatı əsasən 2 hissədən ibarətdir:1. Atası İmam Kazimlə (Ona salam olsun) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının (Ona salam olsun) şəhadətə yetdiyi, yəni Özünün imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Rza (Ona salam olsun) atası İmam Kazim (Ona salam olsun) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra imamət məqamına yetişdi. Əbdür-Rəhman ibn Həccac deyir: “Əbül-Həsən Musa ibn Cəfər (Ona salam olsun) öz oğlu Əlini (Ona salam olsun) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.” İmam Rza (Ona salam olsun) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin İmamı və rəhbəri olur və hicri 203-cü ildə – 55 yaşında şəhadətə qovuşur. O Həzrətin (Ona salam olsun) şərif məzarı İranın Xorasan – indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (Ona salam olsun) ziyarət etmək üçün Məşhəd şəhərinə gəlir, İmamın (Ona salam olsun) vasitəsiylə Allahdan hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.

İmam Rza (Ona salam olsun) və müasiri olmuş xəlifələr

Abbasi xəlifələri Harun ər-Rəşid, Əmin və Məmun- İmam Rzanın (Ona salam olsun) müasiri olmuş xəlifələrdir, yəni O Həzrətin (Ona salam olsun) zəmanəsində bu insanlar xəlifə olmuşlar. Bu xəlifələr də, Əhli-Beyt İmamlarının (Onlara salam olsun) haqqını qəsb etdikləri üçün mənfur və məlun kimsələr olmuşlar. İmam Rzanın (Ona salam olsun) 20 illik İmamlıq müddətinin ilk 10 ilində Harun ər-Rəşid xəlifə olmuşdur. 2- ci onilliyin ilk 5 ilində Harunun oğlu və vəliəhdi olan xəlifə Əmin (atasının ölümündən sonra) xəlifə olur.

Nəhayət, Həzrət İmam (Ona salam olsun) İmamlığının və mübarək ömrünün son 5 ilini qardaşı Əmini öldürərək xilafətə sahib çıxan Məmunun dövründə yaşamışdır. İmam Rzanın (Ona salam olsun) Atası – İmam Kazim (Ona salam olsun) xəlifə Harunun əmriylə zəhərləndirilərək şəhadətə yetmişdir. İmam Rza (Ona salam olsun) da Harunun oğlu Məmunun əmriylə zəhərləndirildi və şəhid edildi. Ümumiyyətlə, İmamlarımızın (Onlara salam olsun) əksəriyyəti zəhərləndirilərək şəhadətə yetmişlər. Hicrətin 193-cü ilində ölən Harunun yerinə oğlu Əmin xəlifə olur. Harun Əmindən sonra 2- ci vəliəhdi olaraq oğlu Məmunu təyin etmişdi.

Lakin Əmin xəlifə olduqdan bir müddət sonra qardaşı Məmunu vəliəhdlikdən kənarlaşdırıb öz oğlunu vəliəhd və özündən sonrakı xəlifə təyin edir. Məmun da, bu səbəbdən qardaşı Əminlə müharibə edir və Əmin 5 il xilafətdə qaldıqdan sonra hicrətin 198-ci ilində Məmun tərəfindən öldürülür və xilafət aparatının başına Məmun keçir. Məmunun xəlifəliyinə qədərki dövr İmam Rza (Ona salam olsun) üçün sakit və sərbəst keçir. Çünki həmin dövrə qədər Əmin və Məmunun başı öz aralarında hakimiyyət üstündə gedən müharibəyə qarışır və İmam (Ona salam olsun) öz vətəni Mədinədə rahat şəkildə təbliğat və təşviqatla məşğul olur, dini mühafizə edir, insanlara İlahi maarifi çatdırır. Məmun xilafətə keçdikdən sonra İmam Rzanı (Ona salam olsun) öz yanına – Mədinədən Mərvə “dəvət” edir.

Məmunun “dəvəti” və təklifi

Məmun insanların gözündən pərdə asmaq üçün zahirən özünü İmama (Ona salam olsun) yaxın bir şəxs kimi göstərməyə səy göstərirdi. O, hakimiyyətinin dayaqlarını möhkəmlətmək fikrində idi. Çünki insanların Əhli-Beytə (Onlara salam olsun) olan məhəbbət və bağlılığı, İmama (Ona salam olsun) olan hörmət və itaəti Məmunu qorxudurdu. O, İmamın (Ona salam olsun) tərəfdarlarının çoxalmasından qorxurdu. Bu, onun hakimiyyətinin devrilməsiylə nəticələnə bilərdi. Həmin anlarda hakimiyyətə qarşı qiyamlar da baş qaldırmışdı.

Bu səbəbə görə, o qərara aldı ki, İmam Rzaya (Ona salam olsun) bir təklifdə bulunsun. Əslində isə bu təklifin altında məkrli siyasi oyunbazlıqlar və çirkin planlar dururdu və bu təklifi reallaşdırıb məqsədə çatmaq üçün İmamı öz yanına “dəvət” etdi. Məqsəd isə, İmama (Ona salam olsun) vəliəhdlik təklif etmək idi. İmam razı olmasa da, İslamın və müsəlmanların ümumi mənafeyini nəzərə alıb, Mədinədən Mərvə səfər etdi. O Həzrət (Ona salam olsun) bilirdi ki, bir də vətənə dönüş baş tutmayacaq və bunu yaxınlarına da bildirmişdi. Məmun əvvəlcə İmama xilafəti təklif etdi, İmam isə onun bu fitnəsindən və iyrənc siyasətindən agah olduğu üçün bunu qəbul etmədi. Məmun daha sonra vəliəhdliyi İmama təklif etdi və İmam razı olmasa da təhdid edərək, İmamın bu təklifi qəbul etməsini istədi.

Xəlifənin iyrənc siyasəti öz əleyhinə işlədi

İmam İslamın və müsəlmanların xeyri üçün bu təklifi qəbul etdi. Məmunun təklifi, İmamın rədd cavabı və Məmunun vəliəhdlik üçün İmamı təhdid edərək razı salması haqda Əbasəlt Hərəvi belə deyir: “Məmun İmam Rzaya dedi: Ey Allah Peyğəmbərinin oğlu!... Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və sənə beyət edim. İmam Rza buyurdu: Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə, Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur.

Məmun dedi: Ey Allah Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən. İmam buyurdu: Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm... Sən istəyirsən ki, bu işin ilə camaat “Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəliəhdliyi necə qəbul etdi?!” desin. Məmun əsəbləşdi və dedi: ...And olsun Allaha, əgər vəliəhdliyi qəbul etməsən, onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər onu qəbul etsən heç, yoxsa boynunu vurduracağam.” Məmun, əvvəldə qeyd etdiyimiz kimi, belə etməklə həm xilafət əleyhinə baş qaldırmış üsyanları yatırtmaq istəyirdi, həm də İmamı (Ona salam olsun) bu təklifə razı etməklə, O Həzərti hörmətdən və xalqın nəzərində nüfuzdan salmağa çalışırdı. O bilirdi ki, insanlar Əhli-Beytin haqqı olan xilafəti qəsb etmiş qəsbkar xəlifələrə nifrət edir, onların xəlifəliklərini etibarlı və müqəddəs bilmirlər. Buna görə də, İmamı (Ona salam olsun) vəliəhdliyə razı etməklə Onu hörmətsiz və etibarsız edə biləcəyini və xalqı İmamdan narazı sala biləcəyini güman edirdi. Bundan sonra İmamı şəhid etmək Məmun üçün heç də, çətin olmayacaqdı.

İmam isə bilirdi ki, bu vəliəhdlik məsələsi baş tutmayacaq. Bu haqda – İmamın vəliəhdliyi qəbul etməsinə görə sevinən bir kişiyə bu işin baş tutmayacağını da bildirmişdi. Məmun İmamı vəliəhdliyi qəbul etsin deyə, hədələdikdə, İmam bilirdi ki, vəliəhdliyi (zahirən də olsa) qəbul etməsə Məmun İmamın Özünə və Onun tərəfdarlarına zərər verəcək, bu səbəbdən də, razılaşmışdı. Amma bu şərtlə ki, hökumət işlərinə və kiminsə işə götürülməsinə və ya işdən çıxarılmasına (İmam) heç bir müdaxilə etməyəcək.

 Beləliklə, İmamın uzaqgörənliyi özünü doğrultdu və Məmunun hiyləgərcəsinə qurduğu siyasət öz əleyhinə işləməyə başladı. Xalq, nəinki İmamdan üz döndərmədi, hətta qəlbləri İmama daha da bağlandı, İmamın tərəfdarları daha da çoxalmağa başladı. Hətta öncələr İmamın tərəfdarı olmayan bəzi insanlar da, İmama tərəf gəlməyə başladılar. Nəhayət , Məmun bundan qorxub çarəni İmamı şəhid etməkdə gördü və xain əllər İmamı zəhərlədi.

Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən ayrı salmasın!


Teqlər