İyul 03, 2017 20:10 Asia/Baku
  • Azərbaycan İslam Partiyası
    Azərbaycan İslam Partiyası

AİP Sərdar Hacıhəsənli barədə məhkəmə hökmünü ədalətsiz hesab edir.

İslaminSesi xəbər verir ki, Azərbaycan İslam Partiyası Masallı Rayon Məhkəməsinin Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru  Hacı Sərdar Hacıhəsənli barədə bu günkü məhkəmə hökmünü İslam dininə, Azərbaycan ruhanilərinə və bütövlükdə müsəlman xalqımıza qarşı qərəz, ambisiyalı addım kimi qiymətləndirir.


 Hacı Sərdar Hacıhəsənli ölkəmizdə və ondan xaricdə İslam elmlərinin bilicisi, dinimizin təbliği yolunda əzmkar din xadimi, yüksək əxlaqi dəyərlərə və insani keyfiyyətlərə malik şəxsiyyət kimi tanınır. Ölkəmiz üçün gərəkli belə insanların cəmiyyətdən təcriddə saxlanması, həm də cılız, milli, dini təəssübkeşlikdən çox uzaq olan kəslərin təşəbbüsü ilə haqqında üç il azadlıqdan məhrumetmə hökmü verilməsi Azərbaycanımızın imicinə İslam aləmində ləkə gətirən addım hesab edilir. Qondarma ittiham, ardıcıl bir neçə məhkəmə “tamaşası,” ədalətsiz hökm bir daha sübut edir ki, ölkədə dinimizə və həqiqi dindarlara bir qorxulu kabus kimi yanaşılır, həqiqi İslamı, dinimizin, mənəvi dəyərlərimizin həqiqi qiymətini verib onu təbliğ edənlərin cəmiyyətdə yeri yoxdur.


Hacı Sərdar Hacıhəsənli həm də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü kimi ictimai vəzifə yerinə yetirir, Maide.Az saytının baş redaktoru kimi də dini maarifləndirici funksiyasını ləyaqətlə həyata keçirir. O, yüksək ruhani təhsili almış alim, ziyalı olmaqla, hər zaman vətəndaşların ən yaxın xeyirxah məsləhətçisi tək tanınır. Hacı Sərdar cəmiyyət üçün faydalı olduğu qədər, İslam aləminə də fəxarət gətirən dindardır. Bu gün haqqında ədalətsiz hökm inanırıq ki, sabah haqqın dərgahında ona həqiqi dəyərinə görə mükafatı ödəniləcək, müvəqqəti zülm əbədi səadətlə əvəzlənəcək.   

 

Teqlər