Sen 05, 2017 19:11 Asia/Baku
  • Deyrəzzurun mühasirəsi yarıldı
    Deyrəzzurun mühasirəsi yarıldı

Suriya mənbələri Deyrəzzur şəhərinin mühasirəsinin yarılması və şəhərdə olan müqavimət qüvvələri ilə ordu qüvvələrinin bir-birinə qovuşduğunu bildiriblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələr bu gün çərşənbə axşamı Deyrəzzurun 3 illik mühasirəsinə son qoyaraq, şəhərin ətrafında yerləşən 137-ci hərbi hissəyə qədər irəliləyib, hərbi hissədəki qüvvələr ilə birləşiblər. Hazırda ordu və müttəfiq qüvvələr Deyrəzzur hava limanının mühasirəsini yarmağa çalışırlar. Suriya televiziyası da bu xəbəri geniş formada işıqlandıraraq, Deyrəzzur əhalisinin sevincindən xəbər verib. 

Bazar günü səhər saatlarında Suriya ordusunun xüsusi təyinatlı qüvvələri Deyrəzzurun qərbində yerləşən 137-ci hərbi hissəyə qədər irəliləməyi bacarmışdılar. 

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriya ordusu ötən iki gündə qərb istiqamətindən Deyrəzzura doğru 20 km irəliləməyi bacarıb. Ordu qüvvələrinin bu sürətlə irəliləməsi İŞİD terrorçuları arasındakı çaşqın durumdan xəbər verir. 

Deyrəzzur sakinləri 2014-cü ildən İŞİD terrorçularının mühasirəsindədirlər. Bütün bu müddət ərzində Deyrəzzur sakinləri terrorçular qarşısında müqavimət göstərərək, təslim olmaqdan imtina ediblər. 

Teqlər