Əfqanıstanda kritik vəziyyət yaranıb
İranın Əfqanıstan üçün yol xəritəsi-TƏHLİL
Taliban yaraqlılarının irəliləməsi İran İslam Respublikası da daxil, region ölkələrində narahatlıq yaradıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın Bəlx əyalətində vəziyyətin gərginləşməsi, Taliban terrorçularının ölkənin şimalına-Mərkəzi Asiya dövlətlərinin sərhədlərinə doğru irəliləyərək daha çox ərazi ələ keçirməsi ilə əlaqədar Türkiyə, İran İslam Respublikası və Pakistanın Məzari-Şərif şəhərindəki konsulluqları işini dayandırıb.
Xatırladırıq ki, Taliban terrorçuları Əfqanıstanın şimalında 100-dən artıq rayona nəzarəti ələ keçirib. Taliblərin bu əraziləri ələ keçirməsi region ölkələrində narahatlıqla izlənir. Bununla əlaqədar Tacikistan və İran hətta Əfqanıstanla sərhəddə qoşun yerləşdirmişlər.
İranın BMT-dəki daimi nümayəndəsi bu yaxınlarda Təhlükəsizlik Şurasında keçirilən iclasda xarici qüvvələrin Əfqanıstanı tərk etmələri ilə əlaqədar Tehranın mövqeyini şərh edərkən bildirdi ki, Talibanın güc tətbiq etmək üçün əlində heç bir bəhanəsi yoxdur. Ona görə də tezliklə zorakılıqlara son qoyaraq öz həmvətənləri ilə dil tapmağa, ölkədə davamlı sülhün bərqərarına kömək üçün siyasi yollara baş vurmalıdır.
Əfqanıstanda yaşanan olaylarla bağlı etiraf etmək lazımdır ki, ABŞ və onun müttəfiqlərinin Əfqanıstanda 20 illik işğal missiyası bu ölkədə "Taliban" adlı bəlanın daha da güclənməsi və inkişaf etməsini təmin edib. Əfqanıstana demokratiya gətirmək, insan hüquqlarını inkişaf etdirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq sözünü verən Birləşmiş Ştatların bu ölkədəki hərbi mövcudiyyətini sürdürdüyü 20 il ərzində ən çox diqqət çəkən nəticə isə bundan ibarətdir ki, bu ölkədə narkotik plantasiyaları inkişaf edib və narkotik vasitələin dünya bazarına axını genişlənibdir. Bundan əlavə Əfqanıstanda etnik və dini zəmində də böyük bir problem hökm sürür. Ölkədə "Taliban" silahlıları ilə eyni fikir və düşüncüləri bölüşməyən vətəndaşlar, xüsusən də şiə məzhəbindən olan əfqanlar vəhhabi düşüncəsində olan silahlı şəxslərin bir nömrəli hədəfinə çevrilir. Bununla belə "Taliban" döyüşçüləri ilə bağlı fikir bildirərkən onların da bir neçə hərbi qanadlarının olması, Əfqanıstanın milli maraqları üçün çalışmasını qeyd etmək mümkündür. Lakin ümumilikdə "Taliban" döyüşçülərinin Əfqanıstanın 70 faizdən çoxuna hakim olması və yerli əhaliyə qarşı sərt mövqeyi, eyni zamanda əfqanların öz ölkələrini tərk edərək başqa dövlətlərə sığınması vəziyyətin o qədər də ürəkaçan olmadığını ortaya qoyur.
Bu arada Əfqanıstanın qonşu ölkələrinin, o cümlədən İranın öz sərhədində ordusunu hazır vəziyyətə gətirməsi, istənilən müdaxiləyə qarşı hazır olması əslində ABŞ tərəfindən yaradılacaq yeni münaqişə ocağında "Taliban"dan istifadə etməsi kimi də qiymətləndirilə bilər. Mümkündür ki, "Taliban" silahları zaman-zaman Əfqanıstanın sərhədində yerləşən ölkələrin məntəqələrinə hücumlar həyata keçirərək müəyyən başağrısına səbəb olsun. Bunun ilkin nəticələrini Özbəkistan və Tacikistanla sərhəddəki əsgərlərin öz postlarını tərk edərək bu ölkələrdən sığınacaq istəməsində görmək olar.
Bəzi şərhlərə görə, ABŞ və NATO Əfqanıstanı tərk etmək planını işə salmaqla regionda yeni münaqişə, qaynar nöqtə və etnik, dini qarşıdurmalara zəmin yaradırlar. Bunu önləmək üçün region ölkələrinin təmasda olaraq terrorizmə qarşı birgə mübarizə aparması vacibdir. Bu ölkələr eyni zamanda əfqan-əfqan dialoqunun bərqərarında əsaslı rol oynaya bilərlər.
Qəhrəman Nurani